AFFA Türkiyə Superkubokunun Bakıda keçirilməsinə rəsmi münasibət bildirib
- 30.05.2013, 13:40,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyə Futbol Federasiyasının belə bir nüfuzlu oyunu bizə etibar etməyi sevindirici haldır”. Bu sözləri APA-ya açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
Türkiyə Futbol Federasiyası Superkubok matçının Bakıda keçirilməyi ilə bağlı AFFA-ya rəsmi məktub göndərib. Məktubda “Qalatasaray”la “Fənərbaxça” arasında avqustun 11-nə planlaşdırılan matçın Bakıda baş tutması ilə bağlı müraciətə iyunun 3-dək cavab verilməsi xahiş edilib.
Nərimanoğlu bildirib ki, AFFA-nın ölkəmizdə yüksək səviyyəli oyunları, turnirləri keçirməyi qonşu ölkələrə yaxşı məlumdur: “Bildiyiniz kimi, ötən ilin payızında ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin oyunları keçirildi. FİFA və UEFA prezidentləri bu mötəbər yarışın təşkilatçılığı ilə razılığını bildirdilər. Bundan əlavə, AFFA artıq 3-cü ildir “Caspian Cup” beynəlxalq turnirini yüksək səviyyədə keçirir və bura inkişaf etmiş ölkələrin yığmaları cəlb olunur. Yəni bütün bunlar onu göstərir ki, biz böyük oyunları təşkil etməyə hazırıq. Konkret Superkubokla bağlı isə bəzi məsələlər var ki, araşdırdıqdan sonra cavab verəcəyik. Bunlar stadion, yayım, təhlükəsizlik kimi texniki məsələlərdir. Biz belə bir matçın ölkəmizdə keçirmək istəsə də, bəzi məsələlərin birgə razılıq əsasında həllini tapmağını gözləməliyik. AFFA iyunun 3-dək öz rəsmi mövqeyini açıqlayacaq”.