MTRŞ: Bir sıra xəbər proqramlarında qəddarlıq, ölmüş insan meyitləri nümayiş etdirilir

Efirdə diqqətçəkən nöqsanlarından biri də xəbər buraxılışlarında kommersiya xarakterli süjetlərin yayımlanmasıdır.

APA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrinə dair hesabatda əks olunub.

Monitorinqin nəticələrinə görə, ANS, İTV, “Xəzər” və ATV televiziyalarında bu cür qanun pozuntularına daha tez-tez rast gəlinir: “Kriminal səpkili materialların həddən artıq olması da milli efirimizin, xüsusilə xəbər buraxılışlarının çatışmazlıqlarındandır. Belə ki, bir sıra xəbərlər-informasiya proqramlarında qəddarlıq, fiziki zorakılıq səhnələri, ölmüş insan cəsədləri ətraflı şəkildə nümayiş etdirilir ki, bu da uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilir.

"Şura “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar” qəbul edib. Məqsədəuyğun olardı ki, uşaqlara diqqət əlaməti olaraq kriminal xarakterli xəbərlər bir qayda olaraq saat 23.00-dan sonra efirə verilsin. Bu Qaydaların pozulmasına görə Şura tərəfindən yayımçılara qarşı dəfələrlə müxtəlif inzibati tənbeh tədbirləri tətbiq edilib”, - deyə hesabatda qeyd olunur.
Şərhlər
Sosial bölməsinin xəbərləri