ABŞ və Kuba liderləri arasında son 50 ildə ilk dəfə olaraq danışıqlar aparılıb

ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro arasında Panamada keçirilən “Amerika sammiti” çərçivəsində ikitərəfli görüş keçirilib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu iki ölkənin liderləri arasında son 50 ildə ilk danışıqlardır. Görüş sammitinin keçirildiyi sarayın kiçik otağında keçirilib.

Obama görüş zamanı Kastroya konstruktivlik nümayiş etdirdiyinə görə minnətdarlığını bildirib.

Barak Obama görüşün tarixi əhəmiyyətə malik olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin tarixinin gərgin olduğunu etiraf edib: “Lakin indi biz irəliyə doğru addımlaya bilirik. Bir müddətdən sonra biz səhifəni çevirə bilərik və ölkələrimiz arasında yeni münasibətləri inkişaf etdirə bilərik. Biz indi keçmişdəki bəzi halları geridə qoyaraq irəliyə addımlamaq vəziyyətindəyik”.

“Biz demokratiya ilə əlaqədar narahatlıqlarımızı bildirməkdə davam edəcəyik və, cənab Kastronun qeyd etdiyinə görə, onlar da ABŞ-ın siyasəti ilə bağlı narahatlıqlarını bizə bildirəcəklər. Lakin biz belə nəticəyə gəldik ki, tədricən bu səhifəni çevirmək və iki ölkə arasında yeni münasibətlər qurmaq mümkün olacaq”.

“Düşünürəm ki, Obamanın dedikləri çox əhəmiyyətlidir. Biz də bu fikirdəyik. Biz bütün məsələlərin müzakirəsinə hazırıq”, deyə Kasto, öz növbəsində bildirib.


Kastro tərəflər arasında müəyyən məsələlər üzrə fikir ayrılığının olduğunu qeyd edib: “Bu gün bizdə müəyyən məsələlər üzrə fikir ayrılığı ola bilər, lakin sabah biz bu məsələlər üzrə razılığa gələ bilərik”.
Şərhlər
Dünya bölməsinin xəbərləri