Xoşqədəm od püskürdü: “Vüqar Qaradağlı dedi, ATV-də axtarış proqramı olmayacaq”

Tanınmış aparıcı "Səni axtarıram"ın bağlanma səbəblərini açıqladı


“Azad Azərbaycan” telekanalı ilə yollarını ayıran tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib. Live.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, jurnalistlərlə görüşən aparıcı ATV-dən ayrılmasından danışıb: “Son günlər mətbuatda barəmdə bir çox şey yazıldı. Mənə çox çətindir ki, doğma kanalımla bağlı danışacağam. Bir çox telekanallara getdim. Mənə dedilər ki, sən tanınmış deyilsən. Amma düz 5 il öncə ATV telekanalı qapılarını mənim üzümə açıq elan etdi. Hər bir işin əvvəli olduğu kimi sonu da var. Mənim susmağımı reklam kimi qəbul edənlər də oldu. Susmağım əbəs yerə deyildi. Barəmizdə bir çox tənqidlər olub. “Səni axtarıram” müqəddəs bir layihədir. Buna xələl gətirənlər olub. 3 gün susmağımın səbəbi budur ki, layihənin sertifikatının mənə məxsus olduğunu göstərmək istədim. Bir neçə il öncə telekanalların birində mənim proqramımın oxşarını yaratmışdılar. Amma mən bu layihəyə başlamadan öncə ATV rəhbərliyinə təklif etdim ki, layihəni sertifikatlaşdırım”.

X.Hidayətqızı deyib ki, bu günə qədər gizlətdiyi şeyləri açıqlamağa məcburdur: “Dəfələrlə ATV-dən getmək istədim. Hətta avqusta getmək istəyirdim. Amma qarşımı kəsdilər. Dekabrda ATV-nin rəhbərliyi Vüqar Qaradağlı ilə görüşdüm. Yanvar ayı idi, səfərdən qayıdanda Qaradağlı ilə görüşdüm. Dedi, istəyir layihəni dayandırsın. Bizə axtarışlarla bağlı 6500 məktub gəlir. Dünyanın istənilən yerindən bizə məktub gəlirdi. Vüqar bəyin sözlərindən sonra şok oldum. Dedim ki, bəlkə bunu bir neçə ay gecikdirək. Beləcə razılaşdıq. Aprelin ilk həftəsində dedi, “yox, bağlanmalıdır, mənə deyiblər ki, axtarış proqramı ATV-də olmayacaq”. Dedim, amma siz mənə bir sertifikat verəcəksiniz ki, bu layihəni Xoşqədəm yaradıb. Sonra ANS-dən və bir neçə telekanaldan təkliflər gəldi. Mən də bu layihəni başqa telekanalda yayımlayacağımı dedim”.

Aparıcının sözlərinə görə, ATV kanalının rəhbəri deyib ki, ona verilişin ideyasının ona məxsus olduğu ilə bağlı sertifikat verəcəklər: “1-ci gün oldu, vermədi. Amma bu mənim haqqımdır axı. Hallalıq yaxşı şeydir. Axı biz bu dünyada hallalıq etməsək, o biri dünya var. Hətta söhbətimizdə mənə dedi ki, mən bu layihəni etməyəcəm. Get harda istəyirsən, davam et”. Amma başıma gələnlərdən sonra necə inanmalı idim ki? Mən sizinlə işlədim, layihə mənə məxsusdur. Layihəmin özümə qaytarılmasını tələb edirəm. Hallalıq, insanlıq var. Bu layihənin hüquqları mənə məxsusdur. İstəsəm sataram, istəsəm özüm başqa bir telekanalda apararam”. Demirəm ki, bu günə qədər orda qazanılan gəlirlərdə mənim də payım var. ATV-mənim yuvamdır. Mən ora barədə pis danışmaq istəmərəm. Bu o deməkdir ki, bu layihəni mən və ATV telekanalı da edə bilər. Ancaq mənə dedilər ki, etməyəcəyik. Amma inanmıram.”

X.Hidayətqızı bildirib ki, Türkiyədən həyat yoldaşı Doğuşla birlikdə veriliş aparmaqları ilə bağlı təklif alıblar, amma qəbul etməyiblər: “Səni axtarıram”a görə o təklifi qəbul etmədim. Bu gün də çox təəsssüf edirəm ki, belə oldu. Bir açıqlama yazmışdım ki, doğma telekanalla öz razılığımla ayrılmışam. Amma bu gün məcbur olub olanları olduğu kimi açıqladım”.

Aparıcı ATV-dəki kollektivinin onunla birgə ANS-də çalışmaq istəməməsi ilə bağlı məlumatlara da aydınlıq gətirib: “Bu, yalandır. İlk gündən kimlər mənim yanımda idisə, indi də yanımdadır. ATV-də çalışdığım bütün işçilər ANS-də mənlə birgə çalışacaq”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri