Xarici dövlətin vətəndaşlığını gizli qəbul edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb ediləcək

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə Azərbaycanın müvafiq icra orqanına məlumat vermədiyi halda məsuliyyətə cəlb ediləcək.

Milli Məclisdən APA-ya bildiriblər ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Cinayət Məcəlləsinə yeni 318-2 (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddəsinin əlavə olunması təklif edilir.

Maddəyə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılma nəzərdə tutulur.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri