Cəmil Çiçək: “Papa Türkiyəyə qara yaxmaq üçün siyasi alət kimi istifadə edilir”

“Roma Papasının “erməni soyqırımı” ilə bağlı çıxışını ədalətsiz, sülhə töhfə verməyən çıxış sayırıq və bunu onun tutduğu vəzifəyə yaraşdırmırıq”. APA-nın verdiyi məlumata görə, bunu TASS agentliyində keçirdiyi mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

C. Çiçək bildirib ki, Türkiyə 1915-ci ildə baş vermiş hadisələrin araşdırılmasının tərəfdarıdır: “Tarixdə cərəyan etmiş bütün hadisələrin ortaya çıxmasını arzu edirik. 1915-ci il hadisələri də həmin qəbildəndir. Buna kim töhfə verəcəksə, biz onunla əməkdaşlıq etməyə hazırıq. Türkiyə tarixlə üzləməyə hazırdır. Amma buna Ermənistan da hazır olmalıdır. 1915-ci il faciəvi ildir. Həmin il Birinci Dünya müharibəsi də gedirdi. Bildiyiniz kimi, bu müharibənin önəmli bir hissəsi Osmanlı İmperiyası ərazisində cərəyan edib. 20 milyondan artıq insan həyatını itirib. Həmin 20 milyonun içində türk, erməni, rus, yunan, alman və digər xalqların nümayəndələri olub. Biz bu acıların tamamını paylaşırıq. Ancaq bu müharibədən təkcə ermənilərin əziyyət çəkdiklərini demək düzgün deyil. Tarixdə baş vermiş faciələri siyasiləşdirmək, ondan hansısa dövlətə qarşı istifadə etmək əxlaqi cəhətdən düzgün deyil. Yüzillik müharibələrdə iştirak etmiş Avropa dövlətləri bu gün çox mehriban və dostcasına yaşayırlar. Əgər onlar da tarixdə yaşanmış faciələri siyasiləşdirsəydilər, o zaman Avropada sülh olmazdı. Ermənistanın həyata keçirdiyi siyasət düzgün deyil. Belə siyasətə etibar etmək olmaz. Biz arxivlərimiz açdıq. Rusiyada, İngiltərədə, Ermənistanda arxivlər var. Qoy onlar da arxivləri açsınlar. Tarixilər arxivlərdə məşğul olsunlar və həqiqəti ortaya çıxarsınlar”.

C. Çiçək soyqırımların parlamentlərdə müzakirəyə çıxarılmasına da münasibət bildirib: “Soyqırım siyasi yox, hüquqi anlayışdır. 1948-ci ildə imzalanmış müqavilə var. Həmin müqavilədə ”soyqırımı” anlayışının hüquqi mənası öz əksini tapıb. Bir cəmiyyətin soyqırımı törətdiyini demək əxlaqi cəhətdən düzgün deyil. Bu mövzulara parlamentlərin alət olması da düzgün deyil. Müəyyən dini vəzifə tutan şəxslərin isə bu məsələdə mövqeyi tamamilə qəbuledilməzdir. Roma Papasının işlətdiyi ifadələr səhvdir və yolverilməzdir. Papa Türkiyəyə qara yaxmaq üçün siyasi alət kimi istifadə edilir”.
Şərhlər
Dünya bölməsinin xəbərləri