“Borussiya” (Dortmund) futbol komandasının baş məşqçisi Yurgen Klopp klubdan ayrılacağını açıqlayıb

“Borussiya” (Dortmund) futbol komandasının baş məşqçisi Yurgen Klopp klubdan ayrılacağını açıqlayıb Almaniyanın “Borussiya” (Dortmund) futbol komandasının baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrılacaq. APA-nın xəbərinə görə, bu barədə o, keçirdiyi mətbuat konfransında rəsmi açıqlama verib.

“Mən həmişə demişəm ki, bu gözəl kluba layiq məşqçi olmadığımı görsəm, dərhal bunu etiraf edəcəyəm. Mən ayrılıq qərarını indi elan etmək qərarına gəldim. Çünki son vaxtlar bəzi oyunçularla bağlı qərarlar çox gec qəbul olunurdu və buna hansısa reaksiya vermək üçün zaman qalmırdı. Əminəm ki, doğru qərar vermişəm. Mənim hər hansı oyunçu ilə fikir ayrılığım yoxdur, sadəcə olaraq, hesab etdim ki, komandanın dəyişikliklərə ehtiyacı var. Deyə bilmərəm ki, yorulmuşam. Başqa klublarla danışıqlar aparmamışam, lakin istirahət götürməyi də düşünmürəm”, - deyə Klopp söyləyib.

Y. Kloppun menecerlərinə artıq bir sıra təkliflərin daxil olduğu xəbər verilir. “Bild” qəzeti isə “Borussiya”nın yeni baş məşqçisinin Tomas Tuchel olacağını yazıb. Klub rəhbərliyinin 41 yaşlı mütəxəssisə 4 illik müqavilə və 20 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, Y. Klopp 2008-ci ildən “Borussiya”da çalışır. Onun rəhbərliyi ilə komanda 2 dəfə Almaniya çempionu olub və bir dəfə ölkə kubokunu qazanıb. 2011-ci və 2012-ci illərdə Y. Klopp Almaniyanın ən yaxşı məşqçisi seçilib.
Şərhlər
İdman bölməsinin xəbərləri