Ramil Usubov tərəfindən I Avropa Oyunlarının keçiriləcəyi yerlərdə xidmətin təşkilinin vəziyyəti yoxlanılıb.
APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Kollegiyada I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər barədə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Baş İnformasiya-Kommunikasiya İdarəsinin rəisi, polis general-mayoru Dilqəm Aslanov məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, oyunlar zamanı ictimai qaydanın, ictimai təhlükəsizliyin etibarlı təmini, yarış və qeyri-yarış obyektlərinin mühafizəsi məqsədilə Dislokasiya Planı hazırlanaraq təsdiqlənib. Nazirliyin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi, vəziyyətin dəyişməsinə operativ reaksiya verilməsi, hüquq qaydasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq əmrlə Əməliyyat Qərargahı və əlavə köməkçi qərargahlar yaradılıb.
Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, oyunlar zamanı asayişin qorunması sahəsində təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün cari ilin martın əvvəllərində Avstriya Federal Daxili İşlər Nazirliyinin və Vyana Polis Departamentinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları Azərbaycanda səfərdə olub. Baş İctimai Təhlükəsizlik İdarəsində, «Təhlükəsiz şəhər», «102» xidməti-zəng mərkəzində görüşlər, Çevik Polis Alayında seminar-məşğələlər keçirilib, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, martın 10-da I Avropa Oyunları zamanı ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması, ərazinin mühafizəsi və nəzarət-buraxılış tədbirlərinə cəlb ediləcək qüvvə və vasitələrin ümumi sayını və funksiyalarını müəyyən edən plan-hesab hazırlanaraq köməkçi qərargahlara təqdim olunub. O da qeyd olunub ki, martın 27-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı Olimpiya Stadionunda, Milli Gimnastika Arenasında, Atletlər və Media kəndlərində, Bakı İdman Zalında, Avropa Oyunları Parkında, BMX Veloparkında, Bakı Atıcılıq Mərkəzində xidmətin təşkilinin vəziyyəti yoxlanılıb.
Avropa Oyunlarına hazırlığın mühüm komponentlərindən olan yol hərəkəti təhlükəsizliyinin təşkili ilə əlaqədar 2014-cü ildə və cari ilin ötən dövründə 798 ədədi günəş enerjisi ilə qidalanan olmaqla 2377 yeni yol nişanı qoyulub və ya yenisi ilə əvəzlənib, 25 təkrarlanan işıqfor obyekti quraşdırılıb, küçə və yollarda 224 min paqonmetr cizgiləmə işləri aparılıb. Bakı şəhərində 290 nöqtədə videomüşahidə kameralarının quraşdırılması üzrə işlərin 65%-i artıq tamamlanıb. Hazırda «Təhlükəsiz Şəhər» sisteminin respublika üzrə (Metropoliten də nəzərə alınmaqla) 2039 nöqtədə 8085, o cümlədən paytaxtda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb.
İctimai asayişin qorunmasında iştirak edəcək bayır xidməti əməkdaşlarının peşə hazırlığının və vətəndaşlarla ünsiyyət səviyyəsinin yüksəldilməsi məsələlərinə də böyük önəm verilərək lazımi tədbirlər davam etdirilib. Belə ki, daxili işlər orqanlarında xidmətə qəbul zamanı xarici dil bilən namizədlərə üstünlük verilib, habelə «Polis əməkdaşının davranış qaydaları» adlı metodik vəsait hazırlanaraq öyrənilməsi üçün bütün orqan və hissələrə göndərilib, Çevik Polis Alayının və paytaxtın orqan və hissələrinin bayır xidmətinin ümumilikdə 1000 əməkdaşı üçün ingilis dili kursları təşkil edilib. Diqqətə çatdırılıb ki, Əməliyyat Komitəsi tərəfindən mütəmadi olaraq işçi qrupun iclasları keçirilir, yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Məruzəətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə görülmüş işlər barədə ətraflı danışılıb və qarşıda duran vəzifələr qeyd olunub.