Azərbaycanda südə tələbatın kəskin artacağı gözlənilir

Azərbaycanda südə tələbatın kəskin artacağı gözlənilir Azərbaycan əhalisinin rasionunda süd məhsullarının payı xarici ölkələrdəki səviyyəyə çatarsa, ölkədə südə olan tələbat 5-10 dəfə arta bilər.


Bu barədə APA-ə daxili bazarda süd istehsalı ilə məşğul olan şirkətlərdən birinin mütəxəssisləri bildirib.



Ümumilikdə, Azərbaycanda süd və süd məhsulları istehsalının əsas hissəsi 26 şirkətin payına düşür. Ölkədə bunlardan başqa mövcud olan 60-65 süd sexlərinin bazar payı o qədər də böyük deyil və hazırda əsas rəqabət ilk onluqdakı şirkətlər arasında gedir. Azərbaycanda südçülük sektorunun sürətli inkişafına baxmayaraq, hələlik yerli istehsalçılar süd və süd məhsullarına olan daxili tələbatı tam ödəyə bilmir. Belə ki, rəsmi məlumatlara görə, Azərbaycanın özünü süd və süd məhsulları ilə təmin etmə səviyyəsi 73%-dir. İstehlakın digər hissəsi idxal hesabına təmin edilir. Yerli istehsalçılar bildirir ki, keyfiyyətini nəzərə alanda əhalinin yerli məhsullara üstünlük verməsi doğru olardı – çünki xarici məhsulların daşınması üçün uzun müddət vaxt tələb olunduğuna görə, bu müddət ərzində keyfiyyətli qalması üçün onlara çoxsaylı qatqılar qatılır.



Ekspertlər gələcəkdə ölkədə süd məhsullarına tələbatın kəskin artacağını proqnozlaşdırırlar. Bunun əsas səbəbi ölkədə süd və süd məhsullarının qida rasionunda payının inkişaf etmiş ölkələrə nisbətən az olması ilə bağlıdır: «Yəni, südün gündəlik rasiona çevrildiyi inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan vətəndaşları bu məhsulları daha az istifadə edir». Yerli şirkətlər rasionun dəyişməsi ilə südə tələbatın artacağını proqnozlaşdırırlar: «Əgər hər bir ailədə yalnız uşaqlar gündə bir stəkan süd içərsə, süd istehlakı 5-10 dəfə arta bilər».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri