“Azərbaycan Beynəlxalq Bankı” İdarə Heyətinin yeni sədri iyulda məlum olacaq

“Azərbaycan Beynəlxalq Bankı” İdarə Heyətinin yeni sədri iyulda məlum olacaq “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyəti sədri vəzifəsinə namizədlər var".

APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov açıqlamasında bildirib.

“Hələlik bu məsələyə baxılmayıb. Bizim vaxtımız var. Bankın səhmdarlarının ümumi yığıncağı iyul ayına planlaşdırılıb. Həmin vaxtda İdarə Heyəti üzvlərinin səlahiyyət vaxtları sona çatır. Yəni o vaxta qədər bizim vaxtımız var. İyulda bu məsələyə baxılacaq”, - deyə nazir bildirib.

Xatırladaq ki, aprelin 2-də “Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda təşkilati məsələlərə baxılıb. Bankın Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C. Hacıyev tutduğu vəzifədən azad edilib.

Hazırda İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri