Yol polisindən çağırış: Vətəndaş bunu qohumuna qarşı satqınlıq kimi başa düşməməlidir

Azərbaycanın yol polisi vətəndaşları sərxoş sürücülərlə mübarizədə daha fəal olmağa çağırıb.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında deyib ki, 2014-cü ilin statistikasına görə, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiklərinə görə 16 600 nəfər, 2015-ci ilin ilk rübü ərzində isə 4318 nəfər məsuliyyətə cəlb olunub. Bu rəqəm sükan arxasında sərxoş vəziyyətdə oturan bütün sürücüləri əhatə etmir: “Bunlar yalnız aşkar olunanlardır. Bəlkə hələ bir o qədər də avtomobili sərxoş vəziyyətdə idarə edib aşkarlanmayan sürücülər var. Çünki onların hamısının yol polisi əməkdaşları tərəfindən aşkarlanması mümkün deyil”.

K.Əliyev vətəndaşlara müraciət edərək onları sərxoş sürücülərə qarşı mübarizə məsələsində hər şeyi polisdən gözləməməyə və özlərinin fəal olmasına çağırıb: “İstər ailə üzvləri, istər dost-tanışları, qohumları olsun, onlar faktiki görür və bilirlər ki, bu adam sükan arxasına əyləşsə, gedib problem yarada, hadisə törədib ya özünə, ya da başqasına xəsarət yetirə bilər və ölümə səbəb ola bilər. Belə halların qarşısının alınması üçün təbii ki, yollarda yol patrul xidməti inspektorları tərəfindən mütəmadi tədbirlər görülür. Amma bəzən onların aşkarlanmasınadək elə hallar olur ki, sükan arxasına sərxoş halda oturan sürücü elə spirtli içkini qəbul etdiyi şadlıq evi, kafe və ya restoranın iki addımlığında qəza hadisəsi törədir. Belə halların qarşısının alınması üçün vətəndaşlardan xahiş edirik ki, əgər görürlərsə ki, sərxoş dostunu, qohumunu, tanışını fiziki güclə və dilə tutaraq sükan arxasına əyləşmək fikrindən daşındıra bilmirlər, təcili 102-yə və ya 902-yə zəng edərək bu barədə polisə məlumat versinlər. Vətəndaş bunu doğmasına, qardaşına, qohuma qarşı satqınlıq kimi başa düşməməlidir. Vətəndaş polisə vaxtında məlumat verməklə ən azından həmin sərxoş sürücünün həyatını xilas edə bilərlər. Son bir neçə gündə Sabunçuda avtomobil iki yerə bölündü, içində 4 nəfər öldü, 4-ü də sərxoş olub. Lənkəranda sürücü şadlıq evində yeyib-içib, orta dərəcəli sərxoş vəziyyətdə sükan arxasına oturub qəza törətdi. Şadlıq evindən çıxandan dərhal sonra başqa bir avtomobilin altına girdi. Hələ maşında uşaq da olub və o da qəza nəticəsində ölüb. Yəni restoranda, şadlıq evində işləyən heç fikirləşmir ki, bu adam sərxoşdur, bu barədə polisə məlumat verim ki, qarşısını alsın?”
Şərhlər
Sosial bölməsinin xəbərləri