Dövlət Gömrük Komitəsi ölkədən gedərkən və gələrkən qızılın, almazın daşınması ilə bağlı məhdudiyyətlərə aydınlıq gətirdi

Dövlət Gömrük Komitəsi Trend-in Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilən dəyişikliklərlə bağlı suallarını cavablandırıb.

- Zəhmət olmasa, Nazirlər Kabinetinin 96 nömrəli 30 mart 2015-ci il tarixindən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilən dəyişikliyə aydınlıq gətirərdiniz.

- Bildiririk ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanunu ilə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz aksizli mallar siyahısına daxil edilib və onlara müvafiq aksiz vergi dərəcələri müəyyən edilib.

Həmin Qanunun 1.6.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 188.1.1-ci maddəsinə müvafiq dəyişikliklər edilməklə fiziki şəxsin fərdi istehlakı üçün 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalının aksiz vergisindən azad olunduğu müəyyən edilib.

Qeyd olunan Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 10.01.2015-ci il tarixli 436 nömrəli Fərmanının 1.2-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması tapşırılıb.

Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na müvafiq dəyişikliklər edilərək 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın gömrük ödənişlərindən azad olunduğu, eyni zamanda, qeyd olunan həcmlərdən artıq malların ölkə ərazisinə gətirilməsinin isə kommersiya məqsədləri ilə gətirilən malların rəsmiləşdirilməsi zamanı tətbiq edilən ümumi gömrük prosedurlarının tətbiqi ilə həyata keçiriləcəyi müəyyən edilib.

- İndiyə qədər ölkəyə şəxsi məqsədlər üçün gətirilən qızıl və zərgərlik əşyalarına məhdudiyyətlər qoyulmurdu. Bu qaydaların tətbiqinə necə nəzarət olunacaq? Nəzərə alsaq ki, hər insanın üzərində ölkəni tərk edərkən zinət əşyalarının olması mümkündür.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda edilmiş məlum dəyişiklikdən əvvəl də qeyd olunan mallara müvafiq məhdudiyyətlər tətbiq edilirdi.

Belə ki, Qaydaların 1.5-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Bu baxımdan gömrük orqanı əməkdaşı keçirilən malların, o cümlədən qızıl zinət əşyalarının fiziki şəxsin şəxsi istehlakından artıq olduğunu müəyyən etməklə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsini tətbiq etmək hüququna malikdir.

Bununla yanaşı, həmin Qaydaların 2.1.2-ci, 2.1.4-cü və 2.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olan və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində göndərilən ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olan malların, o cümlədən qızıl zinət əşyalarının gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2015-ci il tarixli 96 nömrəli qərarı ilə edilmiş dəyişikliklər isə fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən qızıl zinət əşyalarına daha konkret hədlərin tətbiqini təmin edib.

Bir qayda olaraq, fiziki şəxslər öz ehtiyacları üçün 20 qramdan artıq qızıl və 0,5 karatdan artıq almaz gətirmirlər. Digər tərəfdən isə Qaydalara əsasən qeyd olunan hədlərdən artıq olan qızıldan və almazdan hazırlanmış məmulatlar yalnız gətiriləndə deyil, həmçinin ölkə ərazisindən aparılanda belə bəyan edilməlidir. Bu baxımdan əvvəllər ölkə ərazisindən aparılmış və aparılarkən müvafiq qaydada bəyan edilmiş əşyaların geriyə qaytarılması zamanı hər hansı maneələrlə rastlaşma istisna edilir.

Bu qaydaların tətbiqinə necə nəzarət olunacağına gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Respublikasının gömrük orqanları ən müasir tipli avadanlıqlarla təmin edilib, gömrük orqanları əməkdaşları isə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda daimi olaraq bir çox ixtisasartırma kurslarında iştirak edərək bacarıq və təcrübələrini artırıblar. Bütün bunlar riskli halların çevik müəyyən edilməsinə xidmət edir.

- Qaydaların dəyişikliyi nə ilə bağlıdır?

- Yuxarıda qeyd etdiyimiz kimi, bu dəyişikliklər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişiklikdən irəli gəlir. Eyni zamanda bildiririk ki, aksizli mallar iri vergi tutumlu mallardır və onların ölkə ərazisinə idxalı zamanı kommersiya məqsədləri üçün fiziki şəxslərə verilən imtiyazlardan sui-istifadə hallarının qarşısını almaq mümkündür. Gömrük orqanı əməkdaşının isə fiziki şəxs tərəfindən gətirilmiş qızıl və almazların kommersiya məqsədli olduğu müəyyən ediləndə bu həmin fiziki şəxslər tərəfindən bir qayda olaraq müsbət qarşılanmır. Bu baxımdan qanunvericiliklə konkret hədlərin müəyyən edilməsi ilə idxal mallarının şəxsi istifadə üçün fiziki şəxslərə verilən imtiyaz həddindən düzgün istifadə olunmasını və kommersiya məqsədli malların gömrük rəsmiləşdirilməsinin düzgün həyata keçirilməsini tənzimləyir.
Şərhlər
Sosial bölməsinin xəbərləri