Paytaxtın küçə və prospektlərində I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər məsuliyyətə cəlb olunacaq.
Bunu Trend-in sorğusuna cavabında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, hazırda müəyyən edilən yollarda “Avropa Oyunları” zolaqları çəkilir, eyni zamanda yerə I Avropa Oyunlarının loqosu da həkk olunur. 48 km-lik məsafədə görülməsi nəzərdə tutulan bu işlər bitəndən sonra təxminən may ayının sonlarında həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları qoyulacaq: “Bundan sonra Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. Hələlik isə zolaqların çəkilməsi prosesi davam etdiyindən yollarda nəqliyyat sıxlığının yaranmaması məqsədilə sürücülərə o zolaqlara çıxmağa heç bir qadağa qoyulmayıb. Lakin sadalanan işlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək, qaydanı pozanlar isə inzibati məsuliyyətə cəlb olunacaq”.
K.Əliyev əlavə edib ki, I Avropa Oyunları ilə əlaqədar müəyyən edilən küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara daim nəzarət olunacaq.
Qeyd edək ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar daxili işlər orqanlarının texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbatı müəyyən edilib, xüsusi komissiya yaradılıb, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrə dair tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.
Təhlükəsizlik məsələlərinin həlli ilə bağlı I Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən yaradılmış işçi qrupun tərkibində DİN-nin əməkdaşları da iştirak edir.
Oyunlar zamanı ictimai qaydanın, ictimai təhlükəsizliyin etibarlı təmini, yarış və qeyri-yarış obyektlərinin mühafizəsi məqsədilə Dislokasiya Planı hazırlanaraq təsdiqlənib. Nazirliyin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi, vəziyyətin dəyişməsinə operativ reaksiya verilməsi, hüquq qaydasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq əmrlə Əməliyyat Qərargahı və əlavə köməkçi qərargahlar yaradılıb.