Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları ilə bağlı Birləşmiş Ştatların Dövlət Departamentindən anti-Azərbaycan kampaniyası ilə bağlı ittihamlar səslənir. Azərbaycan mediyası bununla bağlı faktlar açıqlayıb.
Birləşmiş Ştatların I Avropa Oyunları ərəfəsində Azərbaycanda qarayaxma kampaniyası aparması və ölkədə çevriliş hazırlaması ilə bağlı başlanan qalmaqal böyüyür.
Azərbaycanın bir sıra media vasitələrinin bu ittihamlarına artıq Dövlət Departamentinin sözçüsü Mari Harf da münasibət bildirib:
“ABŞ-ın Azərbaycanın suverenliyi və müstəqilliyinə olan uzunmüddətli dəstəyinə sözdən daha çox etibar edilir. Məqalədəki iddialar isə tamamilə əsassızdır və həqiqətə uyğun deyil”.
Birləşmiş Ştatların Dövlət Departamenti sözçüsünün bu bəyanatından sonra “APA” agentliyi yenidən çıxış edərək rəsmi Vaşinqtonun ünvanına səsləndirdiyi ittihamların konkret faktlara əsaslandığını bəyan etdi.
“Bizim yazdıqlarımız bunların bir hissəsidir, yəni bunun alt təşkilatları var. Bu çox böyük bir layihə olmaqla yanaşı, eyni zamanda böyük bir şəbəkədir. Bunun müxtəlit tərəfləri və qolları var”, – deyə “APA” holdinqin rəhbəri Vüsalə Mahirqızı qeyd edib.
Sonra “APA” holdinqin rəhbəri 4 sənədi ictimaiyyətə təqdim etdi. Bunlar “Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi”, “2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd”, “Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi” və “NED-in Milli Demokratiya Fondunun həyata keçirdiyi kampaniya"nın layihəsidir.
Araşdırılan materialda göstərilir ki, ABŞ dövlət katibi Con Kerrinin Konqressdəki ofisi vasitəsilə Bakıda I Avropa Oyunlarını baykot çağırışları etmək, yarışın əhəmiyyətsizliyi barədə məlumatlar yaymaq, karikaturalar çəkmək, siyasi məhbus hesab edilən şəxslərə diqqəti yönəltmək, insan haqları, media azadlıqları, korrupsiya barədə qərəzli materialları bir sıra nüfuzlu telekanallarda yaymaq yer alır.
Bəzi beynəlxalq təşkilatlar cəlb edilməklə, erməni lobbisinin təşəbbüsü və maliyyə dəstəyilə Azərbaycana qarşı təzyiq və təhdidlər edilməsi bu gün təşkil olunmuş dəyirmi masada QHT təmilçiləri siyasətçilər, millət vəkilləri tərəfindən geniş müzakirə olundu.
Millət vəkili Fazil Mustafa bildirdi ki, idman tədbirlərini siyasətə alət etmək olmaz: “Əgər Azərbaycanda insan haqları ilə bağlı hansısa irad varsa, bu iradlar başqa konteksdə səslənməlidir. Xüsusilə də bu ərəfədə ölkənin bu probleminin əsas məsələ kimi gündəmə gətirilməsi məncə Avropa Oyunları ilə bağlı fəaliyyətin kölgələnməsinə xidmət edir”.
Millət vəkili Zahid Oruc isə təklif etdi ki, mövcud olan bu toplu sənədlər ABŞ dövlət katibi Con Kerrinin ofisinə təqdim olunsun: "Və bildirilsin ki, demokratlar hakimiyyətinin Cənubi Qafqaza yönəlik belə bir qərar verməsi Amerikanın gələcək hakimiyyət və bugünkü dövlət maraqlarına zərbə vurmaqdadır”.
Azərbaycanla ABŞ arasında oxşar qalmaqal bundan əvvəl də yaşanmışdı. Dövlət Departamentinin maliyyələşdirdiyi Azərbaycanda fəaliyyət göstərən ABŞ təşkilatları vasitəsilə Gürcüstan, Ukrayna, Ərəb ölkələrindəki kimi Azərbaycanda da rəngli inqilab törətmək planları, hətta nə qədər maliyyə ayrıldığı ortaya çıxarılmışdı.
Həmin QHT-lərin 5-ci kalon rolunda çıxış etməsi uzun müddət müzakirələrə yol açmışdı.