“Sən axı bilirsən ki, kim haradan gəldi kim oldu…”.
Aktyor Elməddin Cəfərov vaxtilə çalışdığı “Tək səbir” verilişinin aparıcısı Həsən Əliyevlə münasibətlərinin soyuması səbəblərindən danışmışdı.
Oxu.Az a24.az-a istinadla xəbər verir ki, qarşı tərəf aktyorun iddialarına cavab verib:
- Elməddin son müsahibəsində sizin onun haqqını yediyinizi, özünüzə villa, idman avtomobili alıb, ona isə ayda cəmi 100 dollar verdiyinizi söylədi. Bütün bunlar həqiqətdirmi?
– Bu cür məsələlər haqda danışmaq belə istəmirəm. Daima öz səviyyəmi qorumağa çalışmışam. O insan desəydi ki, Həsən zövqsüzdür, istedadı yoxdur, kobud insandır, Allah şahiddir ki, mən onun haqında bir kəlmə belə danışmazdım. Bu iddia isə tamamilə başqa cür iddiadır, burda etik söhbətlər gedir. Elməddinin dediyindən belə çıxır ki, Həsən oğrudur. Öncəliklə onu deyim ki, bu açıqlamalar nə məntiqdən, nə də kişilikdəndi. “Tək səbir” kollektivi ilə biz dost olduq, insanlar ordakı aktyorlara “Həsənin balaları” deyirdi. Hamısının xətirlərini çox istəmişəm, çoxusu ilə halallaşıb ayrılmışam. Amma hamısı ilə yox. Yaxşı, tutalım ki, mən uşaqların haqlarını əllərindən aldım. Mən o qədər qorxulu insanam ki, bütün komanda ayrıldıqdan sonra belə, bu hadisələrə göz yumdu? Elməddinə qarşı nəsə haqsızlıq olubsa, komandadan ayrılandan sonra gedib mediaya açıqlayaydı ki, Həsən mənim haqqımı yeyib. Tam 10 il sonra yatıb yuxusunda ona deyiblər ki, “Elməddin, artıq susmaq vaxtı deyil, Həsən sənin haqqını yeyib. Çıx bu haqda danış…” Bu hansı məntiqə uyğundur? Hətta “Tək səbir”in uşaqları zəng etdilər ki, “Həsən, bu nə məsələdir?” Hamı şoka düşmüşdü. İndi sizinlə o insan haqda danışıram, onun yerinə mən utanıram. Çünki biz çörək kəsmişik, bir-birimizin evinə getmişik. O mənim, mən onun ailəsini tanıyıram. Vallah ayıbdır… Əgər siz də bu gün həqiqəti araşdırsanız, bu, elə də çətin deyil. Həqiqəti ortaya çıxarmağın iki yolu var. Bütün “Tək səbir” kollektivi hal-hazırda yaşayır. Gedin, hamısından soruşun ki, Həsənin villası olubmu? Hal-hazırda varmı? Bəlkə nə vaxtsa olub, sonra satıb? Belə qara yalan dindar insana yaraşmaz. Bu gün mənim yerimdə oturan insan Elməddini məhkəməyə verərdi.
Bu məsələni aydınlaşdırmağın ikinci yolu isə mənim arxivimi yoxlamaqdır. Bu gün bunu etmək heç də çətin deyil. Araşdırın, baxın görün ki, mənim villam olubmu? Varsa, Elməddin məni həmin villaya aparsın. Ola bilər, bəlkə kimlərsə mənim adımdan villa alıb… Bəli, bir idman avtomobilim olub. 1994-cü il istehsalı olan həmin avtomobili 2005-ci ildə 5000 dollara kreditə almışam. Bütün bunları danışa-danışa çox utanıram, diksinirəm belə söhbətlərdən. Elməddinlə mənim aramızda olan münasibətdən zərrə qədər də məlumatınız yoxdur. Ancaq bu elə iyrənc iddiadır ki, mən bu məsələlərə aydınlıq gətirməliyəm. Siz bu məsələni Müşfiqdən, Fərdadan da soruşa bilərsiniz. Kollektivin heç bir üzvü susan insanlardan deyillər. Sözlərini üzə deməyi bacarırlar.
- Heydər Əliyev Sarayındakı konsertlərdən sonra aktyorlara 75 dollar verdiyiniz də iddia olundu…
– Biz Heydər Əliyev Sarayında iki il konsert verdik. Birinci il Sarayın hesabatı hər kəsə göstərildi. Yəni, hansı pul hara, nə qədər xərcləndi, bütün bunlar sübut olundu. Sarayın kirayəsi, işıq və səs effektləri və s. hamısı pulun böyük hissəsini tutdu. Vallah dəqiq yadımda deyil, 75 dollar vermişdim, yoxsa yox… Bunu yenə də uşaqlarla aydınlaşdıra bilərsiniz. İkinci il isə maliyyə işlərindən uzaq durdum. Uşaqlara dedim ki, bu il mən heç bir maliyyə işlərinə baxmayacam. Sarayda konsert vermək maddi cəhətdən sərf etmir. Ancaq insanların gözündə imic yaradır. Siz gərək Sarayda 5-6 gün konsert verəsiniz ki, toplu olaraq ordan gəlir əldə edəsiniz. Hələ də bu iddianın hardan çıxdığını anlaya bilmirəm…
Mən demirəm ki, hər şey qaydasındaydı. Bəli, münasibətimiz soyudu, biz ayrıldıq. Ancaq düşmən kimi ayrılmadıq. Aramızda bir mövzu oldu, amma bunu açıqlamaq istəmirəm. Bu məsələni o bilir, mən bilirəm, Allah bilir. Həmin məsələ mənə əmanətdir, axirətdə ikimiz bu haqda danışacağıq. Mən bu haqda danışmaq istəmirdim, dostlarımın təkidi ilə bu müsahibəni verirəm. Gəlin, hesabatlara baxaq, görək, “Tək səbir”in gəliri nə qədər olub? O vaxt sponsordan qazanc yox idi, hamısı telekanala gedirdi. Bizim büdcəmiz 1300 dollar olub. Sonra bunu 1700 etdilər. Birinci il mən və digər müəllif Məmmədağa pul almırdıq. Sadəcə, kənar işlər və reklam çəkilişləri ilə dolanırdıq. 12-13 nəfər insan idik və hər adama 100 dollar pul düşürdü. Bəzən mənə şikayət edirdilər ki, “sən uşaqların hamısına gördüyü işdən asılı olmayaraq, eyni pulu ödəyirsən”. Mən də bilmirdim nə edim, axı kadrarxasında işləyən də əziyyət çəkir. Kollektivi seçməmişdim ki, bu, dostların komandası idi. Bir də, o insan videoda deyir ki, “məcbur oldum, reklamlara çəkildim, toylara getdim”. Anlamıram, insanlar bu gün toya getmək, reklama çəkilmək üçün dəridən-qabıqdan çıxır. Burda ayıb bir şey yoxdur. Bunu istəmirdin, başqa işlə məşğul olaydın. Müsahibəni oxuyuram, anlaya bilmirəm ki, məni tərifləyir, ya pisləyir. Bilmirəm, bunlara nə cavab verəcək. Sən axı bilirsən ki, kim hardan gəldi kim oldu, bu, mənə əmanətdir…