Tanınmış aparıcı: “Sumqayıtı heç bir şəhərə dəyişmərəm!” - MÜSAHİBƏ
- 07.05.2015, 19:28,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
- Mətanət xanım, başlayaq sizin mediaya gəlişinizdən. Necə oldu ki bu sahəni seçəsi oldunuz?
- Media sahəsinə ilk gəlişim 1995-ci ildən başlayır. ANS TV-də ilk fəaliyyətimə başladım və orada 18 il çalışdım. 18 il orada dərs alaraq güclü məktəb keçdim. Əlbəttə ki, bütün bunlar telekanalda çalışan jurnalistlərin sayəsində oldu. Bu 18 ildə öyrəndiklərim mənə indi yəqin kömək edir ki, efirdə özümü təsdiqləyə bilim. Bunun nə dərəcədə alınmasını isə tamaşaçılar daha yaxşı bilirlər. Ona görə də tövsiyə edirəm ki, aparıcılar 20-21 yaşından efirə can atmasınlar. Əvvəlcə muxbir kimi işləsinlər, öyrənsinlər. Aparıcı olmaq üçün mütləq illərlə təcrübə lazımdır.
- Radioda səhərimizi sizin səsinizlə açırıq, axşam isə Mətanət xanımı efirdə görürük. Tükənməyən enerjinizin sirri nədədir?
-Bu sual əslində hamını maraqlandırır. Enerji tükənə bilər, tükənməyə mən qoymuram. Həyatsevərliyim və işimi sevdiyim üçün. Deməli, işimi sevirəmsə, o enerji gəlməlidir. Sevgi yoxdursa, enerji haradan ola bilər?! Mütləq gördüyün işi, yediyin xörəyi, geyindiyin libasi, hər şeyi həvəslə görmək lazımdır, onda enerji özü gələcək.
-Sosial şəbəkələrdə də yoxsunuz. Səbəb?
-Sosial şəbəkələrdə yoxam. Bundan sonra da olmayacam. Bunu əminliklə deyirəm. Çünki mənə maraqlı deyil. Sosial şəbəkələrə vaxt ayırmağa heç həvəsim də yoxdur, nəzərə alsaq ki, bütün günü başım işə qarışır. Sosial şəbəkələrdə əyləşənlərin, inciməsinlər məndən, 90%-i savadsızdır. 10%-i isə baxırsan ki, yetərincə nəsə ağıllı bir şey yazır. O 90%-in də yazdıqlarına cavab verməyə həvəsim yoxdur. Əgər baş qoşuramsa deməli, mən də oluram onların tayı.
-Sizi tənqid edən insanlara reaksiyanız necə olur?
-Mən çox təəssüf edirəm ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq, insanlar tənqid və təhqir sözünü ayırd etməyi bacarmırlar.Bunlar tamamilə fərqli anlayışlardır. Bəzən verilişdə mən özüm də nəyisə irad tuturam, tənqid edirəm. Amma nədənsə onu çevirib təhqir kimi yazırlar.Bu öz işləridir.Amma təriflə iş bitmir ki.Məndə də nəyisə tənqid edəndə çalışıram ki, ondan özümə dərs çıxardım, uyğun olanda düzəliş edim. Normal qarşılayıram. Çox sağ olsunlar.
-Olduqca nikbin, pozitiv, həyatsevər insansınız. Belə nikbin insan heç depressiyaya düşürmü? Əgər düşürsə, belə vəziyyətdən necə çıxır?
-Depressiya deməzdim, olur ki, insan nəyəsə görə əhvalı pozula bilər, qapana bilər. O da uzun müddət ola bilməz. Bir- iki saat, uzağı üç-dörd saat davam edə bilər. Amma mən özümə psixoloji cəhətdən təsir etməyi bacaran bir insanam və ürəyimdə o psixoloji yanaşmanı özüm üçün qururam. O siqnalı beynimə ötürürəm və birdən ayılıram ki, Mətanət əvvəlki Mətanətdir. Məni heç nə depressiyaya sala bilməz. Allah göstərməsin, həyatda nəsə ağır faciəvi bir şey olsa, bəlkə nəsə... Hər halda, bu real həyatdır və insanın başına nəsə bir iş gələ bilər.
-Seçim qarşısında qalsaydınız hansını seçərdiniz? TV, yoxsa radio?
-Mən həmişə radionu televiziyadan üstün tutmuşam. Radionu daha çox sevmişəm. Elə 1995-ci ildə də fəaliyyətimə məhz radio ilə başlamışam. Radio sərbəstliyi, hər bir şeyi öyrədir. Səsi tənzimləyir,tələffüzü düzəldir. Heç vaxt televiziyaya can atan bir insan olmamışam.
-Mütaliəni sevirsinizmi?
-Ümumiyyətlə mütaliə çox gözəldir.Yenə də deyirəm kitab oxumaq, onu neçə hissəyə bölüb mülahizə yürütmək çox gözəldir. Çox təəssüf edirəm ki, mənim vaxtım buna imkan vermir.Vaxt tapıb heç doyunca yata bilmirəm, o ki, qaldı mütaliəyə. Amma düşünmürəm ki, mütaliə etmirəm, bütün günü xəbərin içindəyəm. Dünyada baş verən prosesləri belə özüm üçün təhlil etməyi bacarıram. Bunun özü də mütaliədir.
-Aparıcı olmasaydınız hansı sənəti seçərdiniz?
-Aparıcı olmasaydım, çox güman ki, uşaqları sevdiyim üçün öz uşaq bağçamı açardım.Və orda yalnız uşaqları ətrafıma toplayıb bütün həyatımı yəqin ki,onlara həsr edərdim. Uşaqları çox sevirəm. Davranışım, onlara yanaşmam çox fərqlidir. Psixoloji cəhətdən mən bunu yaxşı bacarıram.
-"Qız Atası" serialında yaratdığınız obraz böyük məhəbbətlə qarşılanır. Bu personajla Mətanət xanım arasında oxşarlıq var, yoxsa tamam fərqli insanlardır?
-Yox, heç bir fərq yoxdur. Mən həyatda necəyəmsə, serialda da eləyəm. Sadəcə fərq ondadır ki, Mətanətin qızları yoxdu, oğlu var.Amma qızlarım olsaydı yəqin ki,elə saçları hər gün yolunardı. Əslində qız böyütmək çox çətindir. Onu da deyim ki, mən elə tərzdə bir insanam ki, nə efirdə, nə də həyatda rol oynamıram. Bir simam var.Vəssalam!
-İncəsənət universitetini bitirmisiniz. Sənətiniz aktrisalıqdır. Niyə bu cür parlaq istedada malik olan Mətanət xanımı indiyə kimi filmlərdə, seriallarda görmürdük?
-İncəsənət Universitetinin 1-ci kursunda oxuyanda ailə həyatı qurdum. Sonradan universitetə elə də vaxtaşırı gedib-gəlmədim. Uşaq dünyaya gəldi, digər ailə problemləri yarandı. İndi aktrisalıq eləyirəm də. Nə geci ,nə tezi. İnsanın ürəyində nəsə qalıbsa, geci-tezi bunu reallaşdırırsa, nəyi pisdir ki?! 20 yaşında oldun aktrisa, və yaxud 40 yaşında oldun. Fərqi nədir ki?! Əgər ürəyindəki arzunu həyata keçirirsənsə, deməli artıq istədiyinə nail olmusan.
-Rejissorlardan ciddi rolda oynamaq təklifi gəlsə, çəkilərsiniz?
-Çəkilərəm. Niyə də yox? Elə tək komediya yaratmaqla o demək deyil ki, Mətanət bir profillidir. Nəzərə alsaq ki, Mətanət həm də xəbər aparıcısıdır .Ciddi simamı görsələr bəlkə də qorxarlar.(gülür)
-Həftəboyu gərgin iş rejimində olursunuz.Maraqlıdır, istirahət gününüzü necə keçirirsiniz?
-Gözəl qızım mənim, istirahət günüm yoxdur ki. Həftənin 7 gününün 7-ni də işləyirəm. Bazar günü isə seriala çəkilirəm. 6-cı gün də radio efirim və digər çəkilişlərim olur. Həftənin 9 günü, 10 günü olsaydı, bəlkə də elə 10 gününü də işləyərdim. İşləməyən, əvvəla dişləməz. Bax bunu da nəzərə almaq lazımdır.
-Mətanət xanım, qocalmaqdan qorxmursunuz ki?
-Niyə qorxmalıyam ki? Uşaqlığımızı gördük, cavanlığımızı gördük, orta yaş həddini gördük. Qocalmaq da maraqlıdır axı. Mən qorxdum, qorxmadım, guya nəsə onun bir xeyiri olacaq ki? Onsuz da qocalacayıq da.
- Sumqayıt şəhərində böyüyüb, boya-başa çatmısınız. Tez-tez verilişinizdə sumqayıtlı olmağınızı fəxrlə qeyd edirsiniz. Paytaxtda işlədiyiniz halda, Sumqayıta olan sevginizdənmi şəhəri tərk etmirsiniz?
-Mən Sumqayıtda doğulmuşam, böyümüşəm, bağçaya getmişəm, təhsil almışam. Ümumiyyətlə Sumqayıt şəhərini çox sevirəm. Heç bir şəhərə də dəyişmərəm! Bakının lap mərkəzində mənə ev versələr belə (gülür). Sumqayıt mənim üçün əvəzolunmaz bir şəhərdir. Əslinə qalsa, mən 5 il Bakıda yaşamışam. Amma gördüm ki, yox, Sumqayıt üçün darıxıram. Elə ona görə də qayıtdım yenidən doğma şəhərimə.
-Mətanət xanım, müsahibəyə görə çox sağ olun. Təşəkkür edirəm. Sizinlə müsahib olmaq çox xoş idi.
-Bax,görürsünüz ki, sizə də vaxt ayırdım. Heç kimin qəlbini qırmaq olmaz. Mənə nə iləsə bağlı müraciət edəndə, ona da vaxt ayırmağa çalışıram. Bunlar hörmətdən irəli gəlir. Mən də təşəkkür edirəm.
Xeberle.com