Avropa Liqasında finalçılar məlum olub


[ 15 May 2015 02:15 ]


UEFA Avropa Liqasında (AL) yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

APA-nın məlumatına görə, bu mərhələyə qədər irəliləyən iki italyan klubundan biri meydana evdə, digəri isə səfərdə çıxıb.

Turnirin bir nömrəli favoriti hesab edilən “Sevilya” Florensiyada “Fiorentina”nın qonağı olub. Evdə rəqibini 3 cavabsız qolla üstələyən Əndəlus təmsilçisi səfərdə də rəqibindən üstün olub. “Fiorentina” uğurlu mövsüm keçirməsinə baxmayaraq, apenninlilərin final şansı möcüzələrə bağlı idi. Ötən mövsümün çempionu “Sevilya” isə heç bir möcüzəyə imkan vermədi. Səfərdə rəqibinin qapısından iki cavabsız top keçirən Unay Emerinin yetirmələri ümumi hesabda 5:0 qələbə qazanaraq ikinci il üst-üstə finala çıxıblar.

Turnirin sürpriz komandası “Dnepr” yarımfinal mərhələsinin digər cütlüyündə Kiyevdə “Napoli”ni qəbul edib. Əslində, bu qarşılaşmaya maraq daha böyük idi. Çünki Neapolda baş tutan ilk görüşdə qollu bərabərlik qeydə alınmışdı.

Səfərdə çıxış etməsinə baxmayaraq, güclü heyətə malik “Napoli”nin final şansı heç də az deyildi. Amma tarixində ilk dəfə yarımfinala qədər gəlib çıxan “Dnepr” finala yüksəlmək üçün əlindən gələnin daha artığını etməli idi. Qrup mərhələsində “Qarabağ”ın rəqibi olan ukraynalılara evdə qolsuz bərabərlik də hədəfə çatmaq üçün yetərli ola bilərdi, ancaq Markeviçin yetirmələri işlərini şansa buraxmadılar. Seleznyovun vurduğu qolla italiyalıları evə əliboş yola salan ev sahibləri tarixlərində ilk dəfə Avroliqada final həyəcanı yaşayacaqlar.

Beləliklə, Varşavada keçiriləcək final qarşılaşmasının iştirakçıları "Sevilya" (İspaniya) və "Dnepr" (Ukrayna) klubları olacaq.


Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
14 may

“Fiorentina” (İtaliya) – “Sevilya” (İspaniya) - 0:2
Qollar: Bakka, 22, Karriço, 27


Baş hakim: Damir Skomina (Sloveniya)
Florensiya. “Artemio Franki” stadionu
İlk oyunun nəticəsi – 0:3


“Dnepr” (Ukrayna) – “Napoli” (İtaliya) - 1:0
Qol: Seleznyov, 57


Baş hakim: Milorad Majiç (Serbiya)
Kiyev. Olimpiya stadionu
İlk oyunun nəticəsi – 1:1
Şərhlər
İdman bölməsinin xəbərləri