Mayın 15-də Elnur Hüseynov və onun komandası “Eurovision 2015” mahnı müsabiqəsinin əsas səhnəsində ikinci məşqi keçirdilər.
Birinci məşqdən sonra komanda bütün səylərini səhnə nömrəsinin, rəqs hissəsinin təkmilləşdirilməsinə, həmçinin Elnurun səhnəni hiss etməsinə yönəltdi. «Hour of the Wolf» müsabiqə mahnısını və çıxışını tamaşaçıya daha yaxın və daha aydın etmək üçün kameraların işinə bəzi dəyişikliklər edildi. Rəqqaslardan biri isə - Lukas – hətta saçının rəngini dəyişdi ki, canavar obrazına maksimal uyğun olsun.
«Kontemporari stilində qurulmuş bu rəqs vəhşi təbiətdən ilhamlanır, lakin əslində bu bizim, insanlar haqqında bir hekayədir. Biz rədd olunmuş, fərqli, sürgün, ümidsiz olmağın necə olduğunu göstəririk. Axı bu bizim hamımızın həyatında olub. Amma mahnının əsas mesajı odur ki, ruhdan düşmək heç zaman olmaz, hər ürək mübarizəyə layiqdir! Ayaqa qalxıb dözümlülük və birlik uğrunda mübarizə aparmaq lazımdır”, - deyə, Elnur bildirir.
Elnur Hüseynov Mayın 21-də keçiriləcək yarımfinalda 11 nömrə altında «Hour of the Wolf» mahnısını ifa edəcək.